Azərbaycanda ilk: “Atabəylər” serialı çəkilir

Azərbaycanda ilk: “Atabəylər” serialı çəkilir

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AzerTimes-a verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.

Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmalülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn – “Şahdağfilm”ə həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib.

Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb.

Nizami Gəncəvinin “Xəmsə”si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, İsa Muğannanın “Gurün’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir.

Ssenaridə Haşhaşilər (Xaşxaşilər) və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər və digər məqamlar yer alıb.

Teqlər: