Azərbaycanda hotellərə 6 ay vaxt verildi: bunu etməsələr, 5 min manat cərimələnəcəklər

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev fevralın 18-də “Turizm haqqında” yeni
qanunu təsdiq etdi. Yeni qanun hotellər, turizm şirkətləri
qarşısında yeni vəzifə və öhdəliklər qoyur. Bu öhdəliklərdən biri
də hotellərin ulduz təsnifatından keçmələri ilə bağlıdır.

Turizm üzrə ekspert Ceyhun Aşırov məsələ ilə bağlı AzerTimes-a
açıqlamasında bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən
hotellərin böyük əksəriyyəti ulduz almayıb. O qeyd edib ki, əsasən
böyük hotellər, xüsusilə də Bakıda fəaliyyət göstərən mehmanxanalar
ulduz təsnifatından keçib.

“Regionlarda isə hotellərin çoxunun ulduz təsnifatı yoxdur. Yeni
qanun qüvvəyə mindikdən sonra hotellərə ulduz təsnifatından keçmək
üçün 6 ay vaxt veriblər. Qanunda nəzərdə tutulur ki, hotellər ulduz
almadan fəaliyyət göstərərlərsə və ya özlərini ulduz almış hotel
kimi təqdim edərlərsə, cərimələnəcəklər”.


Ekspert bildirib ki, əvvəl ulduzları Mədəniyyət və Turizm
Nazirliyi təqdim edirdi. O zaman verilən ulduzlar artıq qüvvədən
düşüb:

“O zaman ulduz alan və ya sonradan tikilən hotellər özlərini
ulduz almış hotellər kimi təqdim edirdilər. Xüsusilə də onlayn
platformalarda hotellər özlərinə ulduzlar qoyurdular. Bəzən əslində
3 ulduz olan hotel özünü 4 ulduzlu kimi, 4 ulduzlu özünü 5 ulduzlu
kimi göstərirdi, yəni özlərini bazara şişirdilmiş formada təqdim
edirdilər. Artıq hotellər ulduz təsnifatından keçməklə öz
reytinqlərini müəyyən etməlidirlər. Bunu etməyən hotellər üçün 2
min manatdan 5 min manata qədər cərimə nəzərdə tutulub”, – deyə
ekspert əlavə edib.

Teqlər: