Azərbaycanda himayədar ailələrə sosial dəstək göstəriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Himayədər ailə modelində ana məqsəd uşaqların sosial xidmət
müəssisələrinə düşməməsi, ailədə böyüməsidir. Həmin ailələrə
dövlətin müvafiq sosial xidmət dəstək mexanizmləri müəyyən edilib
və bu mexanizmlər çərçivəsində o ailələrə dəstək veriləcək.

AzerTimes-ın məlumatına görə, bunu jurnaılistlərə açıqlamasında əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əgər himayədar ailə metodu çalışmayacaqsa,
uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və həmin uşağın
övladlığa verilməsi istiqamətində işə başlanılacaq.

“Dövlətin burada niyyəti və məqsədi birmənalı olaraq mümkün
qədər uşaqların sosial xidmət müəssisələrində böyüməməsidir. Burada
birincisi uşağın öz ailəsində qalması üçün sosial dəstəyin
göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə
düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir.


Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər
bir uşaqla bağlı bu proses izləniləcək. Düşünürük ki, bu mexanizm
dünyada olduğu kimi Azərbaycanda da uğurlu nəticə verəcək”, – deyə
nazir bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Uşaqların
valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və
hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər
haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin,
tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il
noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə
edilir.

Teqlər: