Azərbaycanda hər kəs öz dini etiqadını seçməkdə azaddır.
Trend xəbər verir ki, bunu TurkicWorld-a açıqlamsında, Muslimans en France
jurnalının baş redaktoru Jan Mişel Brən bildirib.
“Azərbaycan sözün əsl mənasında dünyəvi ölkədir. Burada müxtəlif
dinlərin nümayəndələri nəinki birlikdə yaşayır, həm də sülh və
xoşbəxtlik üçün birlikdə çalışırlar. Müxtəlif dini dəyərlərə sahib
insanlar bir-biri ilə vuruşmur, bir-birinə düşmən deyil, əksinə
bir-biri ilə birləşirlər ” deyə o, qeyd edib.
Baş redaktor hesab edir ki, Şərqdə və ya Qərbdə dünyaya göz açan
müsəlmanlar arasında heç bir fərq yoxdur.
“Müsəlman icması təbiətcə çoxşaxəli və rəngarəngdir, Şərq İslamı
və Qərb İslamı deyə bir şey yoxdur”- deyə o, bildirib.
Brənnin fikrincə, yaxın Şərqdən və ya Asiyadan olan insanların
digərlərinə nisbətən Avropa cəmiyyətinə inteqrasiya olunmaqda daha
çox çətinlik çəkməsi üçün heç bir səbəb yoxdur.
Ekspert onu da bildirib ki, Şərqdən və ya Asiyadan olan
insanların həyat tərzi ilə Fransadakı insanların həyat tərzi
arasında fərq olarsa, bunun səbəbi, İslamdan daha çox adətlərlə
bağlı ola bilər.
“Bəs Avropa həyat tərzi nə deməkdir? Bizim adət-ənənələrimiz
katoliklikdən, yəhudilikdən, islamdan, romalılardan, vikinq
xalqlarından, Afrikadan götürülüb. Avropanın həyat tərzi hər gün
dəyişir və bəzi ifrat sağçı fanatiklərin istədiyi kimi sabit bir
şəkildə müəyyən edilə bilməz” – deyə o əlavə edib.
Fransa xalqının kədərli bir ənənəsinin – günah keçisi
anlayışının – olduğunu bildirən Brən vurğulayıb ki, 1930-1940-cı
illərdə Almaniyada olduğu kimi, Fransa cəmiyyəti böhran içində
olanda, populist qüvvələr xalqın birləşəcəyinə ümid etdikləri ümumi
düşmənə işarə ediblər və bu düşmən əvvəl protestantlar, sonra
yəhudilər, indi də müsəlmanlardır.
“Bizim keçmişdə qaldığını düşündüyümüz, ancaq hələ də Fransada
müsəlmanlar ayrı-seçkiliyin qurbanı olurlar. Müsəlman məktəbləri və
məscidlər bağlanılıb, məscid imamlarına moizə qadağan edilib, hətta
Fransa hökuməti qadınların hicab taxmasını qadağan etmək istəyir,
baxmayaraq ki, Fransada bu çox qədim bir ənənədir. İslamofobiya,
əlbəttə ki, həm terror hücumlarının travması ilə, həm də müstəmləkə
dövrünə həsrət qalanların qisas ruhu ilə izah olunur” – deyə
ekspert bildirib.
Brən xüsusilə bildirib ki, islamafobiya xarici siyasətə də təsir
edir, bəzi siyasətçilər ərazi mübahisələrini dinlərarası toqquşma
kimi şərh etməyə çalışırlar ki, bu da tamamilə absurddur.
İslam dini ilə Qərbin həyat tərzi arasında heç bir uyğunsuzluq
olmadığını bir daha vurğulayan ekspert Fransanı istisna edərək ABŞ,
Böyük Britaniya, Kanada kimi ölkələrdə din ilə bağlı problemlərin
artıq yaranmadığını qeyd edib.
“Təbii ki, hər yerdə olduğu kimi müsəlmanlar arasında da dinin
fundamentalist və xurafat variantını müdafiə edən qruplar var və
bu, həqiqətən də ciddi problemlər yarada bilər. Amma əslində bu
qrupların dinlə əlaqəsi yoxdur, daha çox siyasi xarakter daşıyır.
Dövrümüzün ən böyük faciəsi odur ki, insanlar dəyərlərini
itirirlər. Vətəndaşları itaətkar istehlakçılara çevirmək üçün
mənəviyyatdan uzaqlaşdırırlar. Dəyərlərin itirilməsi zorakılıq və
başqalarına qarşı qorxu yaradır.
André Malrauxun dediyi kimi, “21-ci əsr ya mənəvi olacaq, ya da
olmayacaq”. Bəziləri dini birlik faktoru olduğu halda, hələ də onu
parçalanma faktoru etmək üçün alətə çevirməyə çalışırlar”.- deyə o
vurğulayıb.