Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrək çatışmazlığından əziyyət çəkir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev
böyrək xəstəlikləri barəsində danışıb.

Trend müsahibəni təqdim edir.

– Fariz müəllim, böyrəklərin xroniki xəstəliyin (BXX) yaranma
səbəbləri hansılardır?

– BXX-nin yaranma səbəbləri aşağıdakılardır:

•Qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə
xarakterizə olunan böyrək xəstəliyi) – 26-28%

•Şəkərli diabet – 23-27%

•Arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması
sindromu) – 15-16%

•Xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən
böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi
xəstəliyi) – 13-15%

•Polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə
müşayiət olunan poliendokrin sindrom) -4-6%

•Uroloji səbəblər – 4-5%

•Digər səbəblər – 2-3%.

– Azərbaycanda neçə nəfər bu xəstəlikdən əziyyət çəkir?

– Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə
nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən – Yaponiya, Almaniya
kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək
çatışmazlığı olan xəstə düşür.

Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan
40-45%-i (təxminən 3700 xəstə) BXX səbəbindən hazırda aktiv formada
böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ
müalicəsi qəbul edirlər.

Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının
qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti
altında qalırlar.

Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət
göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz
olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət
göstərir.

– Xəstəliyin əlamətləri hansılardır?

– Xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri
var.

Subyektiv simptomlara daxildir: ümumi zəiflik, halsızlıq,
iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının
azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ
qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin
artması və s.

Obyektiv simptomlara daxildir: anamnez, instrumental, laborator
müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri,
qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K,
Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın
yaranması halları aşkar edilir.

– Bəs xəstəliyin yaranmasına nə səbəb olur?

– Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin
funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə
nəticələnən patoloji haldır.

Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri,
immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə
uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun
müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan
amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta
böyrək çatışmazlığı olmazsa belə, ildə heç olmasa 2 dəfə
yoxlanılmalıdır.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək
çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların
qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz
olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə
biləcək müalicə üsulları tətbiq olunur.

– BXX-nin gizli inkişafı zamanı hansı ağır patoloji hallar ola
bilər?

– Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində
konservativ müalicə təyin edilir. BXX aşkar olunan xəstələrdə
ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları
(ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksiaksiya
halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin
səviyyəsi yüksək qeyd olunur. Şəkərli diabeti olan BXX-li
xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə
6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə
növü seçilir.

Teqlər: