2022-ci ilin fevral ayında inflyasiya 1,1 faiz təşkil edib, ötən
ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11,9 faiz
artıb.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Qeyd olunur ki, illik inflyasiya tempinin azalması qeyri-ərzaq
məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə
bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq
məhsulları üzrə 6 faiz, xidmətlər üzrə isə 9,3 faiz təşkil
edib.
“İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması
(17,2 faiz) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda
davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri
son 2 ayda 5,2 faiz, son bir ildə isə 20,7 faiz artıb. Son ildə
qiymətlər un məmulatları üzrə 14,8 faiz, süd məhsulları üzrə 24,8
faiz, yağlar üzrə 36,8 faiz yüksəlib. Geosiyası və geoiqtisadi
risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın
qiymətini son 14 ilin maksimumuna çatdırıb. Ərzaq məhsulları
istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının
ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq
məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab
edilir”, – məlumatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)