Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin məzarlarını ziyarət ediblər.
AzerTimes xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, din xadimləri qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün əvvəlcə İkinci Fəxri xiyabanda olublar. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə digər şəhidlərimizin məzarlarını ziyarət din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarları üzərinə tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.
Sonra Şəhidlər xiyabanına gələn din xadimləri burada dəfn olunan qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxuyublar.
Jurnalistlərə müsahibə verən Şeyxülislam Allahşükür Paşazadə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, bu il biz Şəhidlər xiyabanını qalib xalq kimi ziyarət edirik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daim müzəffər olmasını arzulayırıq. Bizə bu Qələbəni yaşadan şəhidlərimizə minnətdarıq. Uca Allah Azərbaycan xalqını və dövlətini hər zaman qalib qərar versin. Amin!