Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb.
Yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib.
Məlumatı dəqiqləşdirmək üçün Bərdə rayonunda yerləşən ət alış-satış məntəqələri ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, mal ətinin topdansatış qiyməti 9 manat 50 qəpikdir. Hazırda mal ətinin 1 kloqramının qiyməti 11, quzu ətinin 1 kloqramı isə 10-11 manat arasındadır.
Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının bahalaşmasıdır. Bu yemlərin qıtlığı olarsa, onda avqust-sentyabr aylarından etibarən ətin qiymətində yenidən artım müşahidə olunacaq.