Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda epidemioloji vəziyyət idarə olunur, nisbi sakitlikdir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, immunitetin gücləndirilməsi üçün buster dozanın tətbiqi vacibdir.
“İnfeksion patalogiyada elə xəstəliklər var ki, onlara qarşı peyvənddən sonra ömürlük immunitet yaranır. Amma əfsuslar olsun ki, COVİD-19 infeksiyası belə infeksiyalardan deyil. Burada həm xəstəlikdən, həm də vaksinasiyadan sonra qazanılmış immunitet müəyyən vaxtdan sonra zəifləyir. Ola bilər ki, insan tam sağlamdır, amma immunitet yetərli olmaya bilər. İkinci tərəfdən isə insanda müəyyən xroniki xəstəlik varsa, onun yaşı 60-dan yuxarıdırsa və s. əmələ gəlmiş immunitet həm zəif ola, həm də qoruyuculuq qabiliyyəti daha tez aşağı düşə bilər” – deyə, o qeyd edib.
Təyyar Eyvazov bildirib ki, araşdırmalar zamanı müəyyən edilib ki, 50 yaşdan yuxarı, xüsusən də xroniki xəstəliyi olan insanlarda peyvənd nəticəsində əldə olunan immunitetin kifayət qədər zəifləməsi halı baş verir.
“Biz də bilirik ki, risk qrupu, o cümlədən xəstələrlə ünsiyyətdə olan tibb işçiləri yoluxarsa, xəstəliyi ağır keçirə bilərlər. Bunu da gücləndirməyin yeganə yolu buster dozanın vurulmasıdır. Bu praktika dünyanın əksər ölkələrində tətbiq olunur. Biz də əhalini buster dozanı vurdurmağa çağırırıq” – deyə, mütəxəssis əlavə edib.