Azərbaycanda elektron səhiyyə strategiyası hazırlanacaq (FOTO)

Mayın 20-də Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və
Mərkəzi Asiya regionun Səhiyyə, qidalanma və əhali üzrə praktika
meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş keçirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları
salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən
nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və
əməkdaşlığa hər zaman önəm verdiyini vurğuladı. Rəqəmsal
texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların
əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə
sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ
olduğunu bildirdi. Onun sözlərinə görə, son zamanlar Səhiyyə
Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq
keçirilən görüşləri əməkdaşlığın yüksək xəttlə inkişaf etməsinə
təkan verir. “Hər görüşümüz bizi əsas məqsədə, yəni Azərbaycan
elektron səhiyyə strategiyasının təkmilləşməsinə daha da
yaxınlaşdırır”, – deyə nazir fikrini tamamladı.

Öz növbəsində Tania Dmitraçenko Dünya Bankı ilə Azərbaycan
arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə
sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.

Sonra Dünya Bankının nümayəndələri “2022-2026-cı illər üçün
Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının
hazırlanması” layihəsini təqdim etdilər.

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı tərəflər
həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının
hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini
müzakirə etdilər.

Teqlər: