Məmnunam ki, digər ölkələrdən, əsasən Əfqanıstan və regionun digər ölkələrindən olan təqribən iki min nəfər qaçqın və sığınacaq axtaran şəxsın Azərbaycanda uzun illərdir təhsil sisteminə çıxışı var.
AzerTimes-ın məlumatına görə, bunu BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso 2021-ci il Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciətində deyib.
Onun sözlərinə görə, ötən ildən isə həmin şəxslər İcbari Tibbi Sığorta haqqında qanunla əhatə olunur, müalicə və Covid-19 əleyhinə vaksinləşmə üçün Azərbaycanda ümumi sistemə daxil ediliblər:
“Ən vacibi odur ki, ötən il Hökumət BMT QAK-ın mandatında olan qaçqın və sığınacaq axtaran şəxslərə əmək bazarına qanuni çıxış verməyə razılıq verdi ki, bu da necə deyərlər, asılılıq sindromunu aradan qaldırmağa və onlara özlərini təmin etmələrinə və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermələrinə şərait yaratdı. Bu ilin Ümumdünya Qaçqınlar Gününün başlıca mövzusu olan inkluzivliyə nail olmaq üçün vacib gediş olan bu dəyişikliklərə görə BMT QAK olduqca minnətdardır.
Əksər qaçqınlar özlərini inteqrasiya olunmuş kimi hiss edirlər, sanki onları cəmiyyətin kənarında saxlayan bu hüquqi və inzibati maneələr yoxmuş kimi. Bəziləri Azərbaycanda doğulub, yaxud körpə olarkən ölkəyə gəlib, Azərbaycanca səlis danışır, və deyirlər ki, burada heç bir rasizm və irqçilik hiss etmirlər. Onlar Azərbaycanın inkişafı üçün potensiala sahibdirlər.
Nəhayət, yüz minlərlə didərgin Azərbaycanlı üçün öz dogma yurdlarına könüllü, təhlükəsiz və layaqətlə qayıdış yolu ilə davamlı həll üçün real şəraitin yarandığı məqamda, mən ümid edirəm ki, öz yurduna qayıda bilməyən sayı iki mindən az olan qaçqınlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq yolunda irəliləyişə nail olmağa imkan yaranacaq. Bu Azərbaycanın tolerantlıq və multikultarilizm siyasətinin daha bir göstəricisi olardı. Bu, ən əsası, həssas və ehtiyaclı insanların “diqqətdən kənarda qalmaq” əvəzinə inkişaf agentlərinə çevrilmələrinə kömək edərdi”.