Azərbaycanda daha 50 aqroturizm subyekti yaradılacaq – Orxan Məmmədov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və
Lerik rayonlarında kənd turizmi sahəsində 50 sahibkarlıq
subyektinin yaradılması nəzərdə tutulur.


Trend
-in məlumatına görə, bunu Azərbaycanda kənd yerlərinin
inkişafı və Milli Aqroturizm sisteminin yaradılmasına dair tədbirdə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm
sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır:

“Qeyd etmək istərdim ki, 2021-ci ilin may ayında KOBİA-nın və
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın
və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı
rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə
verilmişdir. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı
yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran,
Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə
start verilmişdir. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd
olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması
nəzərdə tutulur”, – O.Məmmədov bildirib.

KOBİA sədri qeyd edib ki, ümumilikdə, aqroturizmin dəyər
zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq
və koordinasiyalı fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Yeni
layihələrin hazırlanması, qarşıya çıxan çağırışların həll olunması
və səylərin birləşdirilməsi üçün mütəmadi müzakirə platformasının
yaradılması, düşünürəm ki, vacib amildir. Aqroturizm yeni sahə
olduğu üçün onun təşviqinə xüsusi diqqət yetirilmədir. Bu gün,
qlobal səviyyədə turizm sənayesində çalışan böyük şirkətlər
aqroturizm seqmentinə kifayət qədər böyük sərmayələr yatırırlar.
Yerli və xarici investorların bu sahəyə cəlb edilməsi üçün kompleks
tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Müvafiq sahədə
sahibkarların və obyektlərin hazırlanması ilə yanaşı, satış
kanallarının genişləndirilməsinə də ciddi zərurət vardır. Bu
baxımdan, tur-operatorlar maraqlı paketlər hazırlamalı və yeni
marketinq siyasətləri formalaşdırılmalıdır. Bu gün, ölkələr turist
axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Belə bir
şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam
gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır”, –
Agentlik sədri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: