Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər.
Bunu AzerTimes-a açıqlamasında həkim-infeksionist Gülnarə Əhmədova deyib.
O bildirib ki, virusa görə həyat dayana bilməz: “Sadəcə, insanlar anlamalıdırlar ki, bu, yoluxucu xəstəlikdir. Maska taxmaq məsafə saxlamaq, əllərin təmizliyinə, gigiyenaya fikir vermək boş yerə tövsiyə edilmir. Bu, insan immunitetindən asılı olan xəstəlikdir. Düşünürəm ki, getdikcə orqanizm virusu zəiflədəcək. Digər tərəfdən də vaksinasiya aparılır. Lakin vaksinasiyanın effektini yalnız hər yerdə eyni vaxtda aparılsa, görə bilərik. Proses uzanmamalıdır. Hamı tez, bir vaxtda və sürətlə vaksinasiya olunmalıdır”.
Ekspert Azərbaycanda da koronavirusun yeni bir ştammının üzə çıxa biləcəyini deyib: “Mütləq deyil ki, Azərbaycanda və ya digər ölkədə ancaq “Delta” ştammı üzə çıxmalıdır. Mutasiyada hansısa ardıcıllıq olmur. Ştamm müəyyən bir ölkənin insanlarının həyat tərzinə uyğun olaraq ortaya çıxır. Bildiyiniz kimi, “Delta” ştammı Hindistanda tapılıb. Orada insanların yaşayış səviyyəsi aşağı olduğundan, immunitetləri bakteriya və viruslara daha çox öyrəşib. Ona görə də burada mutasiyaya uğrayan variant daha güclüdür. Azərbaycanda da insanların immunitetinə uyğun başqa bir ştamm yarana bilər. Mən bunun hansı gücdə olacağını deyə bilmərəm. Lakin yeni bir ştammın ortaya çıxacağı istisna edilmir”.