Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda çəltik sığortasının məbləği açıqlanıb.

Aqrar Sığorta Fondundan AzerTimes-a verilən məlumata görə, Azərbaycanda çəltik bitkisi təqribən 3 min hektar ərazidə əkilir.

Bunun böyük hissəsi – təqribən 1 800 hektarı Aran regionu, 1200 hektarı Lənkəran regionunun payına düşür. Ölkənin əsas çəltik rayonları Lənkəran, Masallı, Astara, Ağdaş, Ucar, Zərdab, Biləsuvar, Göyçay və Yevlaxdır. Ölkə üzrə çəltik sahələrinin orta məhsuldarlığı 32,8 sentner, təmizləndikdən sonra isə 31 sentner təşkil edir.

1 kiloqram düyünün orta satış qiyməti orta hesabla 2,2 manatdır. Bu hesabla hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 6800 manat təşkil edir.
Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.

Belə ki, çəltik məhsulu üzrə sığorta tarifi Lənkəran regionunda 0,78%, Aran regionunda 0,93% təşkil edir. Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alsaq, 1 hektar pambıq sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:

Aran regionu – təqribən 63 manat.
Bundan:
Fermerin ödədiyi məbləğ – 31,5 manat
Dövlətin ödədiyi məbləğ – 31,5 manat

Lənkəran regionu – təqribən 53 manat.
Bundan:
Fermerin ödədiyi məbləğ – 26,5 manat
Dövlətin ödədiyi məbləğ – 26,5 manat

Qeyd edək ki, hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Teqlər: