Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə start verib.
AzerTimes agentliyə istinadən xəbər verir ki, ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılır.
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində qum-çınqıl qarışığından ibarət yol geyiminin tikintisi aparılacaq.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.