Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri çərçivəsində Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisini yekunlaşdırıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması, genişləndirilməsi, kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların tikintisi tamamlanıb. Artıq yol əsası hazır olan 16 km-lik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.
Eyni zamanda layihə üzrə Xan Arxı və Samur-Abşeron su kanalı üzərində körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün tikintisi başa çatdırılıb.