Bakının Nizami rayonunda baldızını və onun iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əhəd Əliyev ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı öldürülüb. Aparılmış istintaqla zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi – 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Əhəd Əliyev uzun illər müəllim işləyib. O, 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Ana və övladlarını öldürməkdə suçlanaraq həbs olunan Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.