Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyi 1588 antidopinq test nümunələri götürülüb və onlardan 1456-sı milli proqram əsasında, digərləri isə xarici sifarişlər əsasında olub.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Ş.Hüseynli qeyd edib ki, 2021-ci il üzrə 19 Antidopinq Qayda Pozuntusu üzrə araşdırma aparılıb: “Onlardan 13-ü bu il icraata götürülüb, 6-ı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib. 18 antidopinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. Bunlardan 5-i paurliftinq, 2-si güləş , 2-si Velosiped idmanı, 2-si Basketbolda, Para-atletika, futbol, sambo, karate, Boks, Cüdo və Para-cüdo idman növlərinin hər birində isə 1 qayda pozuntusu müəyyən edilib”, – deyə Ş.Hüseynli bildirib.
O qeyd edib ki, AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularının götürülən testlərin nisbəti 4.5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.