Azərbaycanda böyük təcrübə əldə etdik – Sierra Leone Gimnastika Federasiyasının prezidenti

Azərbaycanda böyük təcrübə əldə etdik. AzerTimes-ın Azərbaycan Gimnastika
Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bunu
Sierra Leone Gimnastika Federasiyasının prezidenti Anna Vilyams
müsahibəsində deyib.

Trend müsahibəni təqdim edir:

– Anna xanım, Azərbaycana xoş gəlmisiniz. Bildiyimizə
görə, bu, sizin Bakıya ilk səfərinizdir. Ölkəmiz barədə
təəssüratlarınızı bilmək maraqlıdır.

– Bəli. Bu, mənim Azərbaycana, Bakıya ilk səfərimdir. İlk
növbədə, Azərbaycan məndə xoş təəssüratlar yaratdı. Ölkə, burada
gördüyüm hər şey unikaldır. Azərbaycan Gimnastika Federasiyasında
(AGF) Beynəlxalq Gimnastika Federasiyasında (FIG) mövcud olan bütün
idman növləri inkişaf etdirilir. Federasiyanın uğurlu fəaliyyəti
mövcuddur. Hətta federasiya pandemiya dövründə də, digər ölkələrin
edə bilmədiyini həyata keçirərək bir sıra yarışlara ev sahibliyi
etdi. Bir sözlə, bu işlər alqışalayiqdir.

– Necə oldu ki, təlim-məşq prosesi keçmək üçün məhz
Azərbaycanı seçdiniz?

– Biz ölkəmizdə gimnastikanı çox inkişaf etdirmək istəyirdik.
Elə oldu ki, dostumuz, Azərbaycan Gənclər və İdman naziri Fərid
Qayıbov və nazir müavini Mariana Vasileva ilə İtaliyada görüşdük.
Bu barədə müzakirələrimiz oldu və onlar bildirdilər ki, bizim
federasiyanın inkişaf etməsinə köməklik göstərə bilərlər. Buna görə
də, bu gün biz buradayıq. Onlar söz verdilər və yerinə
yetirdilər.

– Buraya hansı heyətlə gəlmisiniz?

– İdmançılarımız burada üç növ üzrə məşqlərə cəlb olunublar.
Bunlar batut, idman və bədii gimnastikadır. İki idmançımız bədii
gimnastika, iki idmançımız idman gimnastikası, üç idmançımız isə
batut gimnastikası üzrə məşqlərdə iştirak edir. Təlim-məşqlərdə
iştirak edən məşqçilərimiz də buradakı təcrübədən yararlanırlar.
Onlar gələcəkdə ölkəmizdə gimnastlara necə məşq keçməyi
öyrədəcəklər.

– Azərbaycan gimnastları barədə fikirlərinizi bilmək
istərdik.

– Fikirlərim möhtəşəmdir. Onlar çox böyük səylə məşq edirlər.
Mən bura gələndə onların gecəyə kimi məşq etdiklərini müşahidə
etdim. Bu, çox təsiredicidir. Bilirsiniz, onlar səhər saatlarında
məşq edirlər, daha sonra bir az dincəlir, təxminən 1-2 saat, sonra
yenidən məşqlərə davam edirlər. Onlar öz üzərlərində çox
çalışırlar. Bu, həqiqətən bizim üçün, ölkəmiz üçün çox xoşdur. Biz
burada böyük təcrübə əldə etdik. Ölkəmizə qayıdanda bunu mütləq
tətbiq edəcəyik.

– Ölkənizdə əsasən hansı proqram üzrə məşq etməyi
düşünürsünüz?

– Qeyd etdiyim kimi, federasiyamız yenidir. Biz uğurlu olmaq
üçün əlimizdən gələni edirik. Ona görə də bu gün biz buradayıq,
təlim-məşq toplanışlarında iştirak edirik. Gələcəkdə biz də
çempionatlara qatıla bilərik.

– Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya
Çempionatını izləyənlər arasında idiniz. Yarışlar barədə
təəssüratlarınızı bizimlə bölüşərdiniz.

– Yarışlar möhtəşəm keçdi. Buraya gələn bütün ölkələrin,
federasiyaların iştirakçıların bacarıqlarını, hərəkətləri necə
yerinə yetirdiklərini, çətinliklərini gördük. Biz çox şey öyrəndik.
Biz ölkəmizə qayıdanda yarışlarda iştirak etmək məqsədilə nə
üzərində işləməli olduğumuzu, xüsusilə akrobatika növündə nələrə
diqqət yetirməli olduğumuzu biləcəyik.

– Çox sağ olun.

– Çox sağ olun.

Teqlər: