Azərbaycanda “Qırmızı kitab”ın üçüncü nəşrinə daxil ediləcək
bitkilər qırmızı və çəhrayı siyahıya bölünə bilər.
AMEA Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik”
şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov Trend-ə deyib.
O xatırladıb ki, “Azərbaycanda “Qırmızı kitab” ilk dəfə 1989-cu
ildə, ikinci nəşri 2013-cü ildə hazırlanıb. İkinci nəşrə 300-ə
yaxın bitki daxil edilib.
“Üçüncü cildin nəşri isə gələn ilin may ayına nəzərdə tutulub.
Biz bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir yerdə
görürük. Bu nəşrə 450 növ bitki növünün daxil edilməsini təklif
edirik. Kitaba salınacaq bitkiləri qırmızı və çəhrayı siyahıya
bölmək istəyirik. Qırmızı siyahıya ciddi qorunmasına ehtiyacı olan
221 növ bitki salınacaq. Çəhrayı siyahıya salınacaq 49 növ bitkinin
isə məhv olmasına elə bir ciddi təhlükə yoxdur. Qarabağda ekoloji
terrora məruz qalan bitkilər də üçüncü nəşrdə yer alacaq.
“Qarabağın “Qırmızı kitabı”nın gələcəkdə hazırlanması da nəzərdə
tutulur. İlkin araşdırmalara görə azad edilən ərazilərdə nəsli
kəsilmək təhlükəsində olan 200-dən çox bitki var. Onların az bir
qismini üçüncü nəşrə daxil edəcəyik. Belə ki, həmin ərazilər
minalardan təmizləndikdən sonra oraya ekspedisiyalar təşkil
olunacaq. Bundan sonra Qarabağın “Qırmızı kitabı”na həm bitki, həm
heyvanat aləmi daxil ediləcək. Həmin kitabın ingilis və bir neçə
digər xarici dilə tərcüməsi də gözlənilir”,- deyə A.Əsgərov
bildirib.