Azərbaycanda Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu – Deputat

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü
əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən
referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik
institutunun yaradılması dövlət idarəçilik sisteminin
təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Prezident İlham
Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin edilməsi dövlət idarəetməsində çeviklik və
effektivliyin artırılması baxımından çox uğurlu qərar idi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova vurğulayıb ki, Birinci vitse-prezidentlik institutu
ötən dövr ərzində çoxşaxəli və uğurlu fəaliyyət göstərir və öz
səmərəliliyini daha da artırıb.

“Hörmətli Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi
çox uğurlu fəaliyyət göstərir və xalqın böyük sevgisini və
rəğbətini qazanıb. Çox əlamətdar haldır ki, Mehriban xanım Əliyeva
Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məhz keçmiş
məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdi. Mehriban
xanım Əliyeva həm ölkə daxilində sosial problemlərin həlli, həm də
ölkə xaricində Azərbaycanın təbliğ edilməsi istiqamətində çox mühüm
layihələr reallaşdırır.

Belə ki, Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik
və effektivlik naminə bütün potensialın səfərbər olunmasını,
habelə, uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin
edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin
bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması
istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin
yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti
ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif
təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali
qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür.
Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət
nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri
reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir,
ekoloji problemlərin həllinə dəstək göstərir, işğaldan azad olunan
torpaqların bərpasında humanitar missiyanı həyata keçirir”, – deyə
A.Həsənova vurğulayıb.

Deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
ölkədə təhsilin inkişafı, sağlamlıq imkanları məhdud olan uşaqların
tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində
çox mühüm addımlar atılır.

“Bu baxımdan ölkədə uşaq bərpa mərkəzlərinin, autizm
mərkəzlərinin yaradılması, “Talassemiyasız həyat naminə” layihəsi,
“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və
internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və
digər proqramlar xüsusi qeyd edilməlidir. Bu proqramların icrası
nəticəsində təhsildə, habelə, yeni savadlı və vətənpərvər nəslin
formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunub.

Eyni zamanda, təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev
Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə
və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə
qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil
müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin
ixtiyarına verilib”, – deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım
Əliyeva əhalinin həssas təbəqələrinə xüsusi diqqət və qayğı
göstərir. “Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək,
onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım
Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ
müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına
Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı ilə əhatə
olunur”, – deyə A.Həsənova vurğulayıb.

O qeyd edib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycanın mədəni irsinin qorunması, dünyada təbliği, işğaldan
azad edilmiş ərazilərdə mədəni abidələrimizin, məscidlərimizin
təmir və bərpası istiqamətində mühüm işlər görülür.

A.Həsənova bildirib ki, Birinci Vitse-prezident Mehriban xanım
Əliyeva ölkəmizin dünyada tanıdılması istiqamətində mühüm qlobal
təşəbbüslərlə çıxış edib və ölkəmiz multikulturalizm, tolerantlıq
və mədəniyyətlərarası dialoq baxımından dünyada bir nümunəyə
çevrilib.

“Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin
təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş mühüm beynəlxalq tədbirlər
nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində
multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq
ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın
xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq
münasibətlərinin qurulmasıdır. Məhz Mehriban xanım Əliyevanın
məqsədyönlü və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyada
yeni dostlar qazanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Azərbaycanın beynəlxalq müstəvidə humanitar missiyası, mədəni irsin
qorunmasına verilən mühüm töhfələri ölkəmizin dünyada nüfuzunu
xeyli artırıb.

Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım
Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi
səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı
nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunub, ancaq Mehriban
xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və
sevgisidir”, – deyə deputat əlavə edib.

Teqlər: