Xaricdə dövlət hesabına və ya öz hesabına oxuyan şəxslər Azərbaycana qayıtdıqda onlara təklif olunan maaşla heç cür razılaşa bilmirlər.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda yaxşı bir şirkətdə 3000-3500 məbləğində alınan maaş artıq yüksək maaş sayılır:
“Amma mən iki nəfər adam tanıyıram. Onlardan biri Bakıya gəlib. O, kriptotexnologiya sahəsində ixtisaslaşıb. Burada otura-otura çox asanlıqla Dubayda ofisdə işləyir. Həmin şəxs bir “salam” verən kimi ona 10 min dollar maaş təklif edirlər. Ancaq bir salama. Biz də cəmiyyəti buna öyrəşdirməliyik”.
Deputat eyni zamanda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədova təklif edib ki, nazirliyin yanında xüsusi fond yaradılsın:
“İKT sahəsində xaricdə işləyən şəxslər, həmyerlilərimiz ölkəyə dəvət olunsun. Onlara maaş fərqi, maliyyə fərqi nazirlik tərəfindən ödənilsin”.