Azərbaycanda bank kartlarının sayı artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq 10 milyon 429 min təşkil edib.

Bu barədə AzerTimes-a Mərkəzi Bankdan məlumat verilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16.3 % artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 15.4%, kredit kartları üzrə 23.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər kartlar isə 1.1 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 9 ayı ilə müqayisədə 67% artıb.

2021-ci ilin 9 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 7218 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3988 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2771 mln. manatı POS-terminallar, 455 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Sentyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 27.8%-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1 %, POSterminalların sayı 7.1% artıb.

Teqlər: