Azərbaycanda Aİ ölkələrinin tələbatını ödəmək üçün kifayət qədər
qaz ehtiyatı var.
Trend-in məlumatına görə, bunu Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin
prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakıda
keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qaz nəqli üçün indiki
infrastruktur lazımi həcmdə qaz tədarükünə imkan vermir.
“Son illərdə bu sektora investisiyalar neft sahəsindən daha az
olub. Ölkəmizdə Aİ ölkələrinin tələbatını ödəmək üçün kifayət qədər
qaz ehtiyatı var, amma infrastruktur lazımi həcmdə qaz tədarük
etməyə imkan vermir. Ölkəmizin boru kəməri infrastrukturunun
genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının
cəlb olunması üzrə işlər aparılır”, – deyə o bildirib.
O əlavə edib ki, növbəti illərdə təbii qaza tələb artacaq.
“SOCAR öz tərəfdaşları ilə birgə təbii qaz hasilatını artıracaq.
Bizim planlarımız var və bu istiqamətdə danışıqlar, texniki işlər
aparılır”, – R.Nəcəf deyib.
SOCAR rəhbəri xatırladıb ki, şirkətdə “yaşıl” enerji
istiqamətində transformasiya prosesi 2021-ci ildə başlayıb və
2035-ci ilədək müvafiq proqram hazırlanıb.
“Biz əminik ki, neft-qaz ehtiyatlarına tələbat hələ azı 10 il
aktual qalacaq. Bundan başqa, şirkətimiz alternativ enerji
sahəsində laiyihələr üzərində işləyir. Bu layihələrin
reallaşdırılması qaz istehlakının azalmasına xidmət edəcək və bu
həcm ixraca yönəldiləcək”, – o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)