Bir müddət əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində işlərin aparıldığı ilə bağlı məlumat yayıb. Həmçinin yaxın zamanda regional hava limanlarından yeni reyslərin açılması gözlənilir.
AzerTimes xəbər verir ki, Azərbaycan Hava Yolları QSC-nin mətbuat katibi Nərmin Xəlilova Publika.az-a açıqlamasında bununla bağlı təkliflər verildiyini bildirib.
AZAL rəsmisi həmçinin bilet qiymətlərinin tənzimlənməsi məsələsi ilə bağlı danışıqların aparıldığını deyib.
Eskpertlər də hesab edirlər ki, regional hava limanlarından yeni reyslərin açılması aviabiletlərin qiymətinə təsirsiz ötüşməyəcək.
Turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması böyük üstünlükdür:
“Azərbaycana turist gəldiyi kimi, vətəndaşlarımız da bu vasitə ilə rahatlıqla hansısa ölkəyə gedə bilərlər. Yəni əhali daha münasib qiymətə səyahət edə biləcək.
Xaricdən gələn turistlərin birbaşa regionlara getməsi müştəri məmnuniyyəti ilə yanaşı, bir sıra sahələrin inkişafına da təkan verəcək.Bütün bunlar ticarət, otel, restoran, nəqliyyat kimi sahələrin inkişafına səbəb olacaq. Həmçinin regionlarda sosial-iqtisadi inkişafa gətirib çıxaracaq. Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Digərləri də açılmaqdadır. Hesab edirəm ki, turist axını ölkə iqtisadiyyatı üçün müsbət haldır”.