Xəbər - Fidan Babayeva – Trend:
2021-ci ilin sonunadək rəqəmsal texnologiyaların geniş tətbiqi ilə əlaqədar amillər nəzərə alınmaqla Azərbaycan Auditorlar Palatasının fəaliyyətinin inkişafına diqqət vermək planlaşdırılır.
Bunu AzerTimes-a Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.
Onun sözlərinə görə, qurum bu il “Azərbaycan Auditorlar Palatasının əsasnaməsi”nə uyğun olaraq öz öhdəliklərini yerinə yetirəcək:
“Palata Şurasının 2020-ci il 26 noyabr tarixli qərarı ilə 2021-ci il üçün Fəaliyyət planına Azərbaycanda qanunvericilik və normativ-metodiki audit bazasının təkmilləşdirilməsi sahəsində şəffaflığın artırılması üzrə tədbirlər daxil edilib”.
Palata sədri bildirib ki, plan həmçinin auditə etimadın möhkəmləndirilməsi, Audit üzrə vahid elektron bazanın, auditorların “fərdi kabineti”nin, eləcə də auditin təşkili və tənzimlənməsi, bu sahədə haqsız rəqabətə qarşı mübarizə üzrə tədbirlər görməyə imkan verən digər resursların fasiləsiz funksionallığının təmin olunması üzrə kompleks tədbirləri də nəzərdə tutur:
“Azərbaycanda son illərdə iqtisadiyyatda şəffaflığın artırılması üçün uçot, hesabatlılıq və audit sahələrində beynəlxalq standartların tətbiqinə xüsusi diqqət yetirilir. Auditorlar Palatası hər il bununla bağlı zəruri tədbirlər görür”.
O qeyd edib ki, Azərbaycan Auditorlar Palatası 2020-ci il üçün tematik planı 100 faiz icra edib:
“2020-ci ildə Auditorlar Palatası auditin təşkili və tənzimlənməsi, bu sahədə beynəlxalq standartların tətbiqi, şəffaflığın təmin olunması və etik normalara riayət üzrə kompleks tədbirlər görüb. Qəbul edilən qərarlar nəticəsində keyfiyyətə nəzarət, auditin təbliğatı üzrə tədbirlər keçirilib, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb, ixtisasartırma kursları, seminarlar, vebinarlar keçirilib, palatanın saytının işi təkmilləşdirilib, “fərdi kabinet”lər sistemi yaradılıb”.
V.Novruzov əlavə edib ki, Palata 2020-ci ildə yerli təşkilatlara audit sahəsində fəaliyyət üçün 22 lisenziya verib. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən bir sıra yerli struktur beynəlxalq auditorluq təşkilatları şəbəkəsinə daxildir və ya peşəkar assosiasiyaların üzvüdür.
(Tərcümə: Orxan Nəbiyev)