Azərbaycanda “Agro Tech” müsabiqəsinin keçirilməsi ölkənin innovativ və texnoloji potensialının qiymətləndirilməsinə imkan verəcək (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı
çərçivəsində “Agro Tech” müsabiqəsinin keçirilməsi Azərbaycanın
innovativ və texnoloji potensialının, eləcə də xarici
texnologiyaların ölkəmizə transferinin qiymətləndirilməsinə imkan
verəcək.

Bunu Trend
müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar İnnovasiya
Mərkəzinin direktoru Əkbər Abbasov deyib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı
sektoruna əhəmiyyətli təsir göstərir və bununla paralel olaraq kənd
təsərrüfatı məhsullarına tələbat artır. Bununla yanaşı, əkin
sahələrinin həcmi azalır. Ona görə də kənd təsərrüfatına
innovasiya, texnologiyaların inteqrasiyası bu günün prioritet
məsələsidir və bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi
təsadüfi deyil.

“Agro Tech” müsabiqəsinə qeydiyyat bir neçə həftə davam edib və
artıq başa çatıb. Bu müsabiqəyə ən çox tələbələr, məktəblilər, bu
sahənin mütəxəssisləri və şirkətlər maraq göstərib. Qeydiyyat üç
kateqoriyaya bölünmüşdü: A (məktəblilər), B (tələbələr), C
(mütəxəssislər). Amma “Agro Tech” müsabiqəsində iştirak üçün yalnız
B və C kateqoriyaları nəzərdə tutulub. Son məlumatlara əsasən, B
kateqoriyasında 53, C kateqoriyasında 37 komanda qeydiyyatdan
keçib. Hər komandada 3-6 nəfər iştirak edə bilər”, – deyə Ə.Abbasov
bildirib.

Müsabiqə ilə bağlı gözləntilərdən danışn direktor qeyd edib ki,
onun keçirilməsi Azərbaycanın innovativ və texnoloji potensialının,
eləcə də xarici texnologiyaların ölkəmizə transferinin
qiymətləndirilməsinə xidmət edəcək.

“Mərkəzimiz bu müsabiqəni texnologiya və innovasiyaların
yaradılıması və kənd təsərrüfatına inteqrasiyası üçün məkan olaraq
görür. Təcrübə göstərir ki, bu cür tədbir və müsabiqələrin
keçirilməsi bizə elmi və tədqiqat işlərində, eləcə də Kənd
Təsərrüfatı Nazirliyinin digər strukturlarında yeni alətləri tətbiq
etməyə imkan verib. Öz növbəsində, müsabiqə iştirakçıları öz
ideyalarının reallaşdırılmasında və tərəfdaşların axtarışında,
eləcə də texnologiya şirkəti və ya startap layihə kimi gələcək
fəaliyyətdə maraqlıdır”, – mərkəz direktoru deyib.

Ə.Abbasov vurğulayıb ki, layihələrin gələcək inkişafı üçün
müsabiqə qaliblərinə B və C kateqoriyası üzrə hərəsinə 12 min manat
olmaqla, ümumilikdə 24 min manat ayrılacaq. Birinci yer üçün altı
min mant, ikinci yer üçün dörd min manat, üçüncü yer üçün iki min
manat təqdim olunacaq.

O əlavə edib ki, “Agro Tech” müsabiqəsində təqdim ediləcək
layihələr gələcəkdə Türkiyədə və digər xarici bazarlarda istifadə
oluna bilər.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: