Azərbaycanda aerobika gimnastikasına uşaqların böyük marağı var – Azərbaycan idmançıları

Azərbaycanda uşaqların aerobika gimnastikasına marağı
böyükdür.

Bu barədə AzerTimes-a
aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatının
iştirakçıları, qarışıq cütlükdə çıxış edən idmançılar Vladimir
Dolmatov və Mədinə Mustafayeva deyiblər.

“Bizim üçün aerobika gimnastikası üzrə Azərbaycan çempionatı həm
də mühüm start – Portuqaliyada keçirilən dünya çempionatı öncəsi
yoxlama məşqidir. Gənc gimnastlar üçün isə belə yarışlar çox
faydalı təcrübədir və ümid edirik ki, belə turnirlər ən azı altı
aydan bir keçiriləcək. Axı uşaqlara daimi yarış məşqi lazımdır,
böyüklərin, təcrübəli gimnastların çıxışlarına baxmaq və onlardan
nümunə götürmək də faydalıdır”, – deyə V.Dolmatov qeyd edib.

Mədinə Mustafayevanın sözlərinə görə, hazırda onların cütlüyü
gərgin məşq edir və dünya çempionatı öncəsi proqramı
təkmilləşdirir:

“İndi gündə iki məşq keçirik, tezliklə Yardımlıya toplanışa
gedəcəyik, orada gündə üç məşq olacaq. Bu beynəlxalq startda bizim
üçün Avropa Oyunlarına lisenziya qazanmaq vacibdir”.

Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində
aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı
birinciliyi keçirilib. Yarışda “Ocaq Sport” klubu, “Zirvə” İK,
“Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edib.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il),
uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və
gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə
yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər)
və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə
aparıb.

Teqlər: