Azərbaycanda 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır

Xəbər - Humay Ağacanova – Trend:

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd olunub ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edir.

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.


Hökumətlərarası Təqaüd proqramları (HTP) çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, ÇXR vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

Ümumilikdə 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.

Teqlər: