İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birlikdə keçirdiyi növbəti hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib.
AzerTimes bu barədə ƏMDX-ya istinadən xəbər verir.
Məlumata görə, hərracda Abşeronda yerləşən “Qobu” gil və “Güzdək” əhəngdaşı yataqlarının hər birinin 5 hektar sahəsi, Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağının 5 hektar, Şəmkirdəki “Alabaşlı” hematit yatağının 5,34 hektar, Göygöldə “Qızılca” plagioporfir yatağının 3 hektar, Qubada “Qorxmazoba” qum-çınqıl yatağının 25 hektar, Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağının isə 2 hektar sahəsi istifadəyə verilib.
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Qorxmazoba” qum-çınqıl yatağının LOT-1 və LOT-2 üzrə keçirilən hərracı olduqca rəqabətli olub. LOT-1 üzrə edilən ən son təklif 18 000 manatdan 500 000 manata, LOT-2 üzrə isə 18 000 manatdan 135 000 manata yüksəlib.
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: https://clck.ru/344ecR