Xəbər - Elçin Mehdiyev – Trend:
Hazırda Azərbaycanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbirdə çıxış edərkən deyib.
Nazir bildirib ki, artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır:
“Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər”.
M.Cabbarov vurğulayıb ki, bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub.
Nazir qeyd edib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır: “İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir”.
Twitter: @ElchinMehdiyev