Azərbaycanda 26 yaşlı xanım direktor təyin edildi

Azərbaycanda 26 yaşlı xanım direktor təyin edildi

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Göygöl Peşə Məktəbində yeni təyinat baş tutub.

Aar.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Kərəmov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Kəmalə Nəhmədova Göygöl Peşə Məktəbinin direktoru təyin edilib.

Kəmalə Saləddin qızı Nəhmədova 1996-cı ildə Gəncə şəhərində anadan olub. 2016-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsini bitirib. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Üzvi Kimya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2017-ci ildə Göygöl rayon 8 Mart kənd ümumi orta məktəbində başlayıb. Həmçinin Gəncə şəhəri M.Mehdizadə adına 4, İ.Qayıbov adına 1 və M.C.Paşayev adına 39 saylı məktəblərdə pedaqoji fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Peşə təmayüllü siniflər, STEAM Azərbaycan, İcma Əsaslı Məktəbəqədər Təhsil layihələrinin regional koordinatoru vəzifələrində çalışıb.

2019-ci ildə təhsil meneceri vəzifəsinə təyin edilib. Təhsildə inkişaf və innovasiyalar üzrə iki qrant müsabiqəsinin – “STEAM-lə fərqli mühitdə” və “Mini robotun sərgüzəştləri” layihələrinin rəhbəri olub.

Həmçinin, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Təhsil Texnologiyalar Mərkəzinin Gəncə şəhəri və Göygöl rayonu üzrə koordinatoru vəzifələrini icra edib.

İTE təlimçisi kimi fəaliyyət göstərib. Virtual məktəb meneceri kimi fəaliyyətinə görə Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən təşəkkürnamə ilə təltif olunub, təhsil idarəsi tərəfindən fəxri fərmana layiq görülüb.

İsraildə keçirilən “İnnovative Learning Methodologies and PBL in STEAM” beynəlxalq ixtisasartırma kurslarının, Türkiyədə keçirilən “Türkiyə-Azərbaycan müəllimlərinin 1-ci təhsil zirvəsi” proqramının iştirakçısı olub, Bursa şəhərində yerləşən ümumtəhsil məktəblərində tədris prosesində yaxından tanış olub, təqdimatlar edib.

Teqlər: