Xəbər - Humay Ağacanova – Trend:
2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası hazırlanıb və təsdiq edilmə mərhələsindədir.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
O qeyd edib ki, ölkədə postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə keçid baş verir.
“Strategiya çərçivəsində iqtisadi artımın davamlı olması üçün dövlət və özəl əməkdaşlıq genişləndirilməli, regionlarda mövcud iş resursları iqtisadi fəaliyyətə cəlb edilməlidir. İnnovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq. Yeni strategiya layihəsi həyata keçirməklə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək” – deyə, o bildirib.
Nazir müavini, həmçinin deyib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2022-2026-ci ildə dünyada iqtisadi artım tempi 3 %-dən çox olacaq.
“Bizim strategiyamızın icrası nəticəsində 4 % ətrafında ÜDM-nin artımı, qeyri-neft sektorunda isə 5 % artım olacağı proqnozlaşdırılır. Eyni zamanda, proqnozlara görə, turizm sektorunun ikirəqəmli artımı gözlənilir. Növbəti il üçün biz turizm sahəsində 48 %-dən çox artım proqnozlaşdırırıq. Ondan sonrakı illərdə də bu sahənin artımı ikirəqəmli olacaq” – deyə, nazir müavini qeyd edib.