Xəbər - Alpər Ziya – Trend:
“lagazetteaz.fr” onlayn fransız qəzetində “Azərbaycana yüksək etimad: Xarici şirkətlər Qarabağın bərpası üçün rəqabətə girib” başlıqlı məqalə dərc olunub.
AzerTimes-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarını azad etməklə regionda və dünyada yeni nüfuz və etimad qazandı. Bu günə qədər Azərbaycana investisiya yatırmaq istəyən, amma münaqişə səbəbindən buna risk etməyən ölkələr artıq açıq şəkildə Azərbaycanla əməkdaşlıq etmək niyyətlərini bildirirlər.
Xüsusən də işğaldan azad olunan ərazilərin bərpasında iştirak üçün xarici şirkətlər sözün əsl mənasında rəqabətə giriblər. Artıq rəsmi səviyyədə belkə şirkətlərin rəhbərləri və təmsilçiləri ilə görüşlər keçirilib, müzakirələr aparıəlıb və ya konkret əməkdaşlıq müqavilələri imzalanıb. Buna misal kimi, Türkiyə, Rusiya, Böyük Britaniya, Pakistan, İtaliya, Fransa, Niderland, İran və s. ölkələri göstərmək olar.
Bununla belə, digər ölkə və beynəlxalq təşkilatlardan Azərbaycanla əməkdaşlıq üçün təkliflər gəlməkdə davam edir. Bu günlərdə – martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qəbul edərkən də əsas müzakirə mövzusu macar şirkətlərinin işğaldan azad olunan ərazilərdə iştirakı məsələsi idi.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə Azərbaycana səfəri çərçivəsində keçirdiyi digər görüşlərdə Macarıstan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasında, xüsusən də ağıllı şəhər tikintisində iştirak etməkdə maraqlı olduğunu vurğuladı. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə su idarəetməsi böyük əhəmiyyət kəsb edir və bu sahədə Macarıstanın təcrübəsi var. Eyni zamanda, heyvandarlıq sahəsində təcrübəsi olan macar şirkətləri var. Bu şirkətlər Qarabağın yenidən qurulmasına böyük töhfə verə bilərlər.
Məqalədə qeyd edilir ki, “Azərbaycanla Macarıstan arasında astrateji tərəfdaşlıq barədə birgə bəyannamə” də imzalanıb. Bu, məkdaşlığın genişlənməsinə xidmət edir. Ölkələrimiz arasında əlaqələr genişlənir. Səmərəli əməkdaşlığımızı ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsinin artması, o cümlədən ötən il Macarıstandan Azərbaycana idxalın 8 faiz, Azərbaycandan Macarıstana ixracın 60 faiz artması təsdiq edir:
“Macarıstanla yanaşı, ABŞ şirkətləri də Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır. Elə dünən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşündə vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəklənir və ABŞ şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlıdır.
Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan həm öz daxili imkanları, həm də digər ölkələrin təcrübəsi, eləcə də xarici şirkətlərin potensialı hesabına işğaldan azad edilən 10 min kvadratkilometrdən böyük bir ərazini tez bir zamanda yenidən quracaq və yurd-yuvasından didərgin düşmüş sakinlər öz evlərinə qayıdacaq”.