ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində icra edilən Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə USAİD-in Azərbaycan üzrə missiyasının direktoru cənab Maykl Nirbas açılış nitqi söyləyib və gənclərin bu platformada fəal iştirakı təqdirəlayiq olduğunu bildirib.
İlk baxışda sıradan görünən bu layihənin hədəflərini araşdıranda fərqli nəticələr və nüanslar ortaya çıxır, xüsusilə keçmiş təcrübə və USAİD-in Azərbaycandakı fəaliyyəti diqqəti başqa istiqamətə yönəldir.
USAİD-in maliyyəsi ilə həyata keçirilən Onlayn İctimai Nəzarət Platformasının saytında layihənin məqsədi ilə bağlı qeyd olunur:
“Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Eyni zamanda, Onlayn İctimai Nəzarət Platforması ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirmək imkanı təmin edəcəkdir”.
Həmçinin, layihə dövlət orqanları və media üçün informasiya mənbəsi rolunu oynayır. Misal üçün, istənilən şəxs foto və ya video çəkib təqdim edə və bu materiallar tirajlana bilər, halbuki, ölkədə istənilən problemin, yaxud hadisənin işıqlandırılması medianın birbaşa işidir.
Burada suallar yaranır:
– Azərbaycan mediasının işini niyə USAİD-in maliyyəsi ilə həyata keçirilən layihə icra etməlidir?
– USAİD belə bir layihənin maliyyələşməsində niyə maraqlıdır?
Birinci suala cavab axtarışı ortaya belə bir nəticəni çıxarmaq imkanı verir: ictimai nəzarət adlanan bu layihə əslində ictimai rəyin yönləndirilməsinə hesablanıb.
Miqyasından asılı olmayaraq, problemlər bir platformada işıqlandırılır və bu, ölkə mediasının etibarlılığını zəiflədir. Vətəndaş hansısa problemini işıqlandırmaq üçün media orqanlarına yox, məhz bu platformaya müraciət edir və bunu foto, yaxud video çəkməklə daha asan şəkildə həyata keçirir. Lakin informasiya yayımlanarkən, problem araşdırılmır, yaxud problemlə bağlı qarşı tərəfin – dövlət orqanının mövqeyinə yer verilmir. Beləliklə, ictimai rəy yalnız problemlər üzərində qurulur.
Bununla yanaşı, informasiyaların manipulyasiya edilməsi riski də var və təcrübəyə istinadən bunun istənilən vaxt edilməsinin mümkün olduğunu deyə bilərik. Belə manipulyasiyalar xüsusilə Azərbaycanda beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi, yəni beynəlxalq diqqətin ölkəmizdə olduğu vaxt edilir. Misal üçün, beynəlxalq diqqətin Azərbaycanda olduğu vaxt “Bakıda itləri güllələyirlər” informasiyalarının tirajlanması, yaxud yol-nəqliyyat hadisələrinin ön plana çıxarılması və ya “küçələr zibillənir” kimi tirajlar dəfələrlə baş verib. Məqsəd həm diqqəti mühüm hadisələrdən yayındırmaq, həm də Azərbaycanın imicini zədələmək olduğu bəllidir. Onlayn İctimai Nəzarət Platformasının bu məqsədlə dəstəkləndiyi istisna edilməməlidir. Mümkündür ki, bütün problemlərin foto-video formatında işıqlandırılması ilə layihəyə ictimai inam qazandırılır və bu inam lazım olanda manipulyasiyativ informasiyaların ictimai rəyə ötürülməsində effektiv olur.
İkinci suala cavab axtarışı USAİD-in (ABŞ) Azərbaycan ictimai rəyini idarə etmək planını önə çıxarır. Bu proses indiyə qədər müxtəlif media orqanları üzərindən həyata keçirilirdisə, görünür, artıq fərqli metoddan istifadə edirlər: ictimai rəyi yönləndirəcək vahid platforma yaradılır və bu platforma üzərindən vətəndaş səfərbərliyi planlaşdırılır.
“Vətəndaş səfərbərliyi” planı
Bu ilin martında ABŞ “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənəd yayımladı. Sənəddə əsas istiqamətlərdən biri kimi vətəndaş səfərbərliyi göstərilir və qeyd olunur ki, kütləvi səfərbərlik demokratik yola etiraz edilən lideri səlahiyyət müddətinin ortasında sıxışdırıb çıxarır. Bu, ABŞ-ın ölkələrin daxili işlərinə müdaxilə metodlarından biridir. “Rəngli inqilab”ların tətbiqi üçün yeni strategiya kimi qəbul olunan sənədin – layihənin icrası USAİD-ə həvalə olunub.
USAİD-in Azərbaycanda maliyyələşdirdiyi Onlayn İctimai Nəzarət Platforması bu kontekstdə diqqət çəkir və vətəndaş səfərbərliyinin bu platforma üzərindən aparıldığı versiyanı önə çıxarır: respublikanın bütün bölgələrində vətəndaşlar üzləşdikləri problemləri bu platformaya ünvanlayır və beləliklə vətəndaşları bu platforma ətrafında səfərbər edilir, lazımi məqamlarda səfərbər edilən vətəndaşları siyasi məqsədlər üçün, xüsusilə ictimai rəyin yönləndirilməsində asanlıqla istifadə edə bilərlər.
Hesab etmək olar ki, “rəngli inqilab” strategiyasının həvalə edildiyi USAİD artıq Azərbaycanda siyasi proseslərə müdaxiləyə start verib. USAİD-in Azərbaycan üzrə missiyasının direktoru cənab Maykl Nirbasın “gənclərin aktivliyi” haqda dedikləri də təsadüfi deyil. Təcrübə ilə isbatlanıb ki, USAİD xüsusilə gənc nəsillə aktiv işləyir, çünki onların yönləndirilməsi daha asandır.
ABŞ fondlarının Azərbaycandakı fəaliyyətində belə nüanslar var. ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) 2013-cü ildə Bakıda “feysbuk inqilabı” ssenarisini hər kəs xatırlayır. Həmin vaxt təşkilat bu plana 2 milyon dollar vəsait xərcləmişdi. Bu uğursuz cəhddən sonra “rəngli inqilab” ssenarilərinin qurulduğu şəbəkə böyük ölçüdə dağıldı, NDİ-nin nümayəndəsi, “feysbuk inqilabı”nın əsas koordinatoru Aleks Qriqoryevs ölkəni tərk etdi.
İndi eyni ssenari – gənclərin vahid platformada səfərbər edilməsi USAİD tərəfindən aparılır və aydındır ki, məqsəd Azərbaycanın daxili işlərinə müdaxilədir.