Bu gün Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.
Görünür, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşü zamanı səsləndirdiyi bu fikirləri hər gün Ermənistana və oradakı revanşist qüvvələrə xatırlatmaq lazımdır. Yoxsa, onlar öz çirkin əməllərindən əl çəkməyəcəklər. Son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verənlər də bir daha göstərdi ki, onlar təxribat xarakterli əməlləri ilə bölgədə yenidən münaqişə ocağı yaratmaq istəyirlər.
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində baş verənlər də bunu bir daha təsdiq etmiş oldu. Belə ki, Azərbaycan hərbçiləri ölkəmizin ərazisinə keçən 6 erməni kəşfiyyat-diversiya qrupunu dərhal mühasirəyə alaraq zərərsizləşdirdi. Hətta, onlarının saxlanıldığı ərazinin coğrafi koordinatlarını da təqdim etməklə Ermənistan tərəfini fakt qarşısında qoydu. Bu, ona görə edildi ki, Ermənistan məsələni əsl kontekstindən çıxararaq başqa istiqamətə yayındırmasın. Lakin hər zamankı kimi, Ermənistan yenə öz çaldığı havaya oynayır və bölgədə baş verənlərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Bütün bunların hamısı Ermənistanın daxilindəki siyasi çaxnaşmadan, ziddiyyətdən qaynaqlanır desək, hər halda doğru olar. Məlumdur ki, qarşıdan Ermənistan siyasi tarixinin bəlkə də ən qəliz seçkiləri gəlir. Bir tərəfdə baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyan, digər tərəfdə isə onu məğlubiyyətin səbəbkarı kimi, yarıtmazlıqda ittiham edən keçmiş Qarabağ klanının təmsilçiləri Koçaryan və Sarkisyan var. O da məlumdur ki, ölkənin güc strukturlarında və ayrı-ayrı qruplaşmalarda hələ də keçmiş Qarabağ klanının tərəfdarları var. Bu gün Azərbaycanla münasibətdə baş verənlər də məhz bu klanın birbaşa diqtəsi və ya təsir imkanları ilə edilir. Təbii ki, onlar Azərbaycanla “kəllələşmək” iqtidarında deyillər. Sadəcə, bu kimi təxribatlarla köhnə Qarabağ klanı seçkilərdə səs çoxluğu qazanmaq istəyir. Yaxud əksinə də ola bilər, bəlkə Paşinyan özü bu kimi təxribatlara razılıq verməklə əlavə divident qazandığını düşünür?!
Ona görə də hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan öz daxili davasının qurbanına çevrilməkdədir. Çünki bu saatdan sonra Azərbaycanla irili-xırdalı hər hansı bir təxribata getmək Ermənistana faciədən başqa bir şey gətirməyəcək.
Bütün bunları yüksək intellektlə qiymətləndirən Azərbaycan hələ ki, yumşaq siyasət yürüdür və “dəmir yumruğa” gərək duymur. İstəsəydik, erməni kəşfiyyat-diversiya qrupunu, özü də birbaşa terror fəaliyyəti gerçəkləşdirən bir dəstəni yerindəcə məhv edərdik, deyilmi? Amma etmədik, mühasirəyə alaraq zərərsizləşdirdik.
Necə deyərlər, böyüklük bizdə qalsın! “Dəmir yumruq” nə zaman enəcəyini özü daha yaxşı bilir…
Twitter: @Elgun_Mensimov