Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi
ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin
fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq
tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri
tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt
göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın
ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması
müşahidə edilməkdədir.
AzerTimes xəbər verir ki, bu
barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında məlumat
paylaşılıb.
“Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər
heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu
dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər
hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların
Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o
cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf
doğurur.
Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək,
müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim
edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu
bildiririk”, – məlumatda deyilir.