Azərbaycana münasibətdə ikili standartlar hələ də davam edir

Azərbaycana münasibətdə ikili standartlar hələ də davam edir

“Avronyus” telekanalına verdiyi müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev regional əməkdaşlıq amilinin ölkəmizin xarici siyasətinin əsasında duran vacib baza prinsiplərindən biri olduğunu vurğulayıb. Hazırda Azərbaycan bir çox nüfuzlu beynəlxalq oyunçu tərəfindən etibarlı tərəfdaş hesab edilir. Bu əməkdaşlığın real nəticələri bütün tərəflər üçün kifayət qədər uğurludur.

AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Prezident İlham Əliyevin ölkəmizdə iqtisadi inkişafla bağlı risklərin olmadığını bəyan etməklə beynəlxalq ictimaiyyətə önəmli mesaj göndərdiyini vurğulayan deputat bu məqamın son dərəcə vacib bir amil olduğunu vurğulayıb:

“Azərbaycanın iqtisadi inkişafı ilə bağlı risklərə dair sualı cavablandıran dövlət başçımız birmənalı olaraq bu sahədə hər hansı bir riskin olmadığını bəyan etdi. Həqiqətən də, nəzərə alsaq ki, hətta 30 il davam edən işğal dövründə belə Azərbaycan iqtisadiyyatı inkişaf edib, bundan sonra, yəni ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra bu inkişafın yalnız daha da sürətlənəcəyini gözləmək lazımdır. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri iqtisadiyyatımız üçün əlavə aparıcı qüvvə olacaqdır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılır. O cümlədən gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bütün bunlar öz bəhrəsini verir və iqtisadi inkişafla bağlı risklərin olma ehtimalını sıfıra endirir. Bununla belə, dövlət başçısı belə bir vacib məqamı da vurğulayaraq bildirdi ki, hər hansı potensial risklər sərhədlərimizin xaricindən qaynaqlana bilər. Sərhədlərimizin xaricində, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Bu, Azərbaycan üçün potensial risk ola bilər. Buna görə də, Azərbaycan özünün sərhədlərinin müdafiəsinə daha çox diqqət yetirməlidir”.

K.Qafarov bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaları məsələsini diqqət mərkəzinə gətirməklə Prezident İlham Əliyev artıq bundan sonra Azərbaycanın ikili standartlara göz yummaq niyyətində olmadığını açıq şəkildə bəyan etmiş oldu:

“Azərbaycanla Ermənistan arasında münasibətlər müzakirə olunarkən hətta bu gün də bəzi Qərb təmsilçiləri ikili yanaşma tərzini nümayiş etdirirlər. O cümlədən, “Avronyus”un müxbiri də Qarabağdan köçmüş ermənilərin geri qayıtma ehtimalları ilə maraqlanarkən, nədənsə Ermənistandan qovulmuş 300 min azərbaycanlının taleyi ilə bağlı bircə sual belə vermədi. Lakin Prezident İlham Əliyev öz cavabında hər iki məsələyə bir daha aydınlıq gətirdi. Qeyd olundu ki, qayıtmaq istəyən hər kəsin belə bir hüququ var və onların mülkiyyəti lazımi dərəcədə qorunur. Sadəcə olaraq geri qayıtmaq üçün həmin insanlar Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Dövlət başçımızın verdiyi açıqlamada ən maraqlı məqamlardan biri isə imzalanacaq sülh müqaviləsinə milli azlıqlarla bağlı müddəaların salınması barədə oldu. Prezidentimiz konkret olaraq bildirdi ki, əgər onlar Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Azərbaycanın mövqeyi belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların Ermənistana qayıtması məsələsi də paralel həll olunmalıdır. Sülh sazişində də bu məsələ ya məhz bu cür əks olunmalı, ya da, ümumiyyətlə, əks olunmamalıdır. Bu mövqe bir daha Azərbaycan Prezidentinin qətiyyətini və siyasi iradəsini nümayiş etdirən vacib məqamlardan biridir” .

Teqlər: