Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, antiazərbaycan və antitürkiyə fəaliyyətlərini gücləndiriblər.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin ictimai diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücumu başlanğıcdır:
“Tədbir iştirakçıları fiziki təzyiqlərə məruz qalıblar. Oxşar xəbərlər Livandan gəlib, orda yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər. Qarabağda 1980-cı illərin sonlarında separatizmin vüsət almasında ABŞ və Fransadakı erməni diasporunun rolu danılmazdır. Erməni separatçılar silah almaq üçün gərəkli maliyyəni məhz erməni diasporundan əldə edirdilər. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun xanımı Raisa Qorbaçovaya Fransada bahalı hədiyyələr verən də erməni diasporunun nümayəndələri idi. Hədiyyələr havayı verilmirdi, məqsədləri o idi ki, Raisa əri Mixaili inandırsın ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Erməni diasporu növbəti mərhələdə ASALA terror təşkilatının üzvlərini Ermənistan üzərindən Qarabağa yollamağın maliyyəsini təşkil edirdi. Azərbaycanın uğurlu antiterror əməliyyatından sonra ASALA-nın yenidən peyda olacağını istisna etmirəm, bəlkə də çirkin niyyətlərini həyata keçirmək üçün “yeni planlar” üzərində işləyirlər.
Qarabağ məsələsini həll etdik, ancaq Türkiyə ilə birgə erməni ideologiyası və erməni terrorizmi ilə mübarizəmiz davam edəcək”.