Xəbər - Elçin Mehdiyev – Trend:
Bu gün Azərbaycanda avtomobil parkının yenilənməsi ilə bağlı utilizasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu proqramın əsas məqsədlərindən biri köhnə avtomobillərin ətraf mühitə vurduğu ziyanın qarşısını almaqdır. Bu baxımdan, ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması vacib əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov deyib ki, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşar:
“Elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Ancaq yaxşı olardı ki, gömrük ödənişləri müəyyən müddət ləğv edilsin. Hazırda elektrik avtomobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur, yaxşı olardı ki, heç, o da olmasın. Belə olan halda həmin avtomobillərin ölkəyə idxalı daha geniş vüsət alar”.
Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır:
“Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid və elektrik avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir”.