ABŞ Azərbaycan ərazilərinin tamamilə minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ağdamda istehkamçılara sertifikatların təqdim edilməsi mərasimində deyib.
Onun sözlərinə görə, ABŞ ərazilərin minalardan tamamilə təmizlənməsi məqsədinə çatmaqda Azərbaycanın yanındadır:
“Hər kəsə aydındır ki, burada minalarla çirklənmə insan həyatı və rifah üçün təhlükədir. ABŞ bütün dünyada bu təhlükələri azaltmağa sadiqdir. 1993-cü ildən bəri ABŞ 100-dən çox ölkəyə bu məqsədlə 4,7 milyard ABŞ dolları vəsait ayırıb. Bu səylər çərçivəsində ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb”.
Səfir təlimlərini başa vuran və tezliklə minatəmizləmə işlərinə başlayacaq azərbaycanlı istehkamçılara hörmətini ifadə edib:
“Yeni minatəmizləyicilər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur. Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək”.
M.Libbi Azərbaycanda mina partlayışı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
Diplomatın sözlərinə görə, ABŞ minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir.