Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi – Vüqar Rəhimzadə

Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmaların 2022-ci ildə reallaşacağına ciddi əsaslar var

Tarixi Zəfərimiz Azərbaycanın qarşısında bütün sahələr üzrə geniş imkanlar açdı. Amma nəzərə alsaq ki, 30 il işğal dövründə haqlı tərəf olsaq da dünyanın ikili standartlara əsaslanan siyasətinə əsasən ölkəmizə qarşı bəzi dövlətlər tərəfindən qərəzli münasibətlər mövcud idi, bu halda son bir ildən artıq dövr ərzində bu yanaşmalarda nə kimi dəyişikliklərin baş verdiyi daha çox diqqət çəkir. Reallıq budur ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə ilk növbədə dünyaya bu çağırışı etdi ki, bütün münaqişəli məsələlərin həllinin əsasında ədalət və hüquq amilləri dayanmalıdır. Amma illərdir bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin meydana çıxmasına, dünyada bir etimadsızlıq mühitinin yaranmasına səbəb olub. Çünki BMT qətnamələri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd olunduğu kimi, bəzi hallarda 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözlədik. Amma Azərbaycan bu illər ərzində sadəcə gözləmədi. Həm iqtisadi qüdrətini artırdı, həm ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına, həqiqətlərimizin təbliğinə nail oldu, həm də münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşmasını təmin etdi. Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 ilə yaxın dövrdə hazırladıqları planları, xəyalları alt-üst etdi. Yeni reallıqlar fonunda regionun və dünyanın mənzərəsi dəyişdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə dünyaya birlik, həmrəylik çağırışlarını edib: “Bircə faktı qeyd etmək istərdik ki, 2021-ci ilin mayında Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçiriləndə açılış günü ölkəmizdə dostluq, qardaşlıq mühitində yaşayan xalqların, millətlərin musiqi yaradıcılığı dünyaya nümayiş olundu. Bu, Azərbaycanın tolerantlığının, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təqdimatı idi. Bu məqamı da qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Dövlətlər Təşkilatı) sədrlik müddəti başa çatdı və təşkilata sədrlik dost, qardaş Türkiyəyə təhvil verildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi, möhkəmlənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Dövlət başçısı daim bütün türk dünyasını birliyə, həmrəyliyə səsləyərək bu çağırışı da edirdi ki, bir dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı, onun həlli istiqamətində əməli fəaliyyət göstərilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının fonunda bütün türk dünyasının həmrəyliyinin şahidi oldu. Türk Dövlətləri Təşkilatının istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana dəstəyi, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirmələri də bu birlikdən qaynaqlanır.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi ilə dünyada ədalətin və hüququn bərpası istiqamətində uğurlu addımlar atıldığını və bunun nəticəsi olaraq quruma üzv dövlətlərin qəbul etdiyi qərara uyğun olaraq ölkəmizin sədrlik müddətinin daha bir il uzadılmasından bəhs edib: “Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir. Hələ Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, ölkəmizin bu gününə və gələcəyinə inamı aydın ifadəsi idi. 155 ölkənin dəstəyini qazanmaq böyük uğurdur. Tarixi Zəfərimiz bu inam və etimadın artmasında xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri bunu bir daha təsdiqlədi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti də bu kimi məqamların təqdimatında mühüm rol oynadı. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, NATO ilə əlaqələri yüksələn xətlə inkişaf edir. 2018-ci ildə ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” münasibətlərin hazırkı və gələcək inkişafına işıq salır. Bu məqamı da qeyd edək ki, NATO-nun son Zirvə görüşlərində, sammitlərində Azərbaycanın ədalətli mövqeyinə dəstək özünü qabarıq şəkildə büruzə verirdi.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi və rolu NATO-Azərbaycan münasibətlərinin inkişafında da özünü təsdiqləyir. Hər iki qurum- Avropa İttifaqı və NATO regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil olunması da bunun bariz nümunəsidir.”

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda öz mövqeyini daha da gücləndirməklə postmünaqişə dövrünün reallıqlarının bütün dünya tərəfindən qəbuluna nail olur: “Bütün dövrlər üçün aktuallığını itirməyən və dünyanın beynəlxalq münasibətlərdə qəbul etdiyi güc və hüquq amilləri 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Baxmayaraq ki, dünyanın bəzi dövlətləri beynəlxalq hüququn deyil, daha çox güc amilinin işlək mexanizmə çevrilməsində maraqlı idi. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan belə bir yanaşmaların hökm sürdüyü illərdə belə öz mövqeyindən bir addım da belə geri çəkilmədi, əksinə daha da gücləndi, BMT qətnamələrini təkbaşına icra etdi və sahibi olduğu torpaqları geri aldı. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən qonşu dövlətlərlə əlaqələrə diqqəti yönəldərkən bu fikri xüsusi qeyd etmişdir ki, qonşular haqqında danışanda Ermənistanı heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etməyib. Bu gün də daxil etmir. Amma bu inamı ifadə edir ki, nə vaxtsa Ermənistanla qonşuluq əlaqələrimiz qurulacaq. İkinci Qarabağ münaqişəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2021-ci ilin uğurlu nəticələri və 2022-ci ilin hədəfləri bu ilin də tarixə mühüm hadisələrlə zəngin il kimi yazılacağına böyük əminlik yaradır. “Şuşa İli” həm Böyük Qayıdışın başlanmasıdır, həm də dünyaya Azərbaycan xalqının öz torpaqlarının sahibi olduğunun təsdiqidir.

Teqlər: