Ötən ildən etibarən bütün dünya yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə başladı və bu müddət ərzində əksər dünya dövlətləri müəyyən çətinliklərlə qarşılaşdı. Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizənin hələ ilk aylarında beynəlxalq təşkilatlarda çıxışları və görüşlər zamanı bu məsələdə bütün dünya dövlətlərinin birgə mübarizəsinin və həmrəylik nümayiş etdirilməsinin vacibliyini təklif edirdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi tədbirin keçirilməsi barədə BMT-yə edilən müraciət 130 dövlətin rəhbəri tərəfindən müsbət dəyərləndirilib. Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, dünya dövlətləri, faktiki olaraq, peyvəndlərin bölüşdürülməsi və vətəndaşlara çatdırılmasında inkişaf etmiş ölkələrin liderlik etdiyini başa düşüblər: “Təəssüf ki, inkişaf etməkdə və yaxud da kasıb ölkələr üçün peyvəndlərin bölüşdürülməsi sahəsində ədalətlilik prinsipinə əməl olunmur. Nəticə etibarilə, iki ilə yaxın müddət keçsə də, hələ də pandemiya üzərində tam qələbə qazanılmayıb. Bu o deməkdir ki, pandemiyanın sonlanması üçün peyvəndlərin düzgün bölgüsünün aparılması, bütün dünya dövlətlərinin peyvəndlərdən faydalanması, hətta zərurət yarandıqda 3-cü və ya 4-cü dozalardan istifadə edilməsi əsas şərtlərdən biridir. Ona görə də dünya dövlətləri bu məsələdə həmrəylik nümayiş etdirməli və vaksinlərin bərabər bölüşdürüləsinə səy göstərməlidirlər. Hesab edirik ki, həmrəylik nümayiş etdiriləcəyi və vaksin millətçiliyə son qoyulacağı təqdirdə biz növbəti il pandemiya ilə mübarizədə tam qələbə əldə edəcəyik. Nəticədə, bütün dünya COVID-19 bəlasından xilas olacaq”.
N.Həmzəyev, həmçinin qeyd edib ki, Azərbaycan pandemiya dövründə yalnız öz vətəndaşlarının təhlükəsizliyi və sağlamlığının qeydinə qalmayıb, digər 30-a yaxın dövlətə də COVID-19-la əlaqədar humanitar yardım göstərib: “Hətta dözlətimiz bir çox ölkəyə vaksinlərin çatdırılmasını da təmin edib. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda peyvəndləmə kampaniyasına ilk başlayan dövlətdir. Ötən müddət ərzində ölkə əhalisinin böyük qisminin iki doza vaksin vurdurmasını da Azərbaycan hökumətinin məhz bu sahədəki uğurlu fəaliyyəti kimi dəyərləndirmək lazımdır. Azərbaycan təkcə öz vətəndaşlarını deyil, həmçinin digər dövlətlərin vətəndaşlarını da düşünür və həmrəyliyə, birgə fəaliyyətə töhfə verir. Ümid edirik ki, dünya ölkələrinin prosesdə fəal olması nəticəsində COVID-19 pandemiyası üzərində tam qələbə qazanmaq mümkün olacaq”.