Oktyabrın 20-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı tikinti, qida, İKT və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyində İqtisadi Məsələlər və İnkişaf Əməkdaşlığı üzrə baş direktor İvana Zivkoviç Azərbaycana səfərindən məmnunluğunu bildirib, keçirilən tədbirdə iş adamlarının fəal iştirakının əlaqələrin inkişafına marağın göstəricisi olduğunu, biznes forumun əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini qeyd edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiya yatırımın artırılması istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Xorvatiyanınn müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.