Azərbaycan XİN rəhbərinin müavini Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb (FOTO)

21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İƏT
Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün
Pakistana səfəri çərçivəsində Pakistanın müdafiə istehsalı naziri,
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri
xanım Zubeyda Cəlal ilə görüşüb.

XİN-dən AzerTimes-a verilən məlumata görə, Elnur Məmmədov cari ilin
iyun ayında Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə
silsilə tədbirlərin keçiriləcəyini bildirib. Azərbaycan – Pakistan
səmimi münasibətlərindən bəhs edən nazir müavini əlaqələrimizin
bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki
ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında
iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi
vurğulanıb və bu istiqamətdə aparılan işlər, xüsusilə,
Hökümətlərarası Birgə Komissiyanın fəaliyyətini, birgə işçi
qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə
çatdırılıb.

Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan
Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal
2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci
iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə
bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı
yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün
sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyini
əminliklə bildirib.

Eyni gündə Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini
Abdul Kadir Jailani ilə də görüşüb.

Görüş zamanı Elnur Məmmədov Azərbaycan – İndoneziya
münasibətlərindən söz açıb və 44 günlük Vətən müharibəsi zamanı
ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə
təşəkkürünü ifadə edib. E.Məmmədov ikitərəfli münasibətlərin bütün
sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə
çatdırıb.

İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki
ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında
əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını
bildirib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla
sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə
Azərbaycan Hökumətini təbrik edib.

Görüşdə tərəflər iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunması və qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: