Azərbaycan XİN rəhbəri ilə İƏT Baş katibi arasında görüş keçirilib

11 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda
iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)
Baş katibi Xusrav Noziri arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş
çərçivəsində nazir Ceyhun Bayramov İƏT-in sonuncu Aşqabad
Sammitinin nəticələrini yüksək qiymətləndirib. Nazir, Azərbaycanın
təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyini və qurumun ölkəmizdə iki
ixtisaslaşmış təşkilatının yerləşdiyini vurğulayıb. Təşkilatın
yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla
əlaqədar, mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən
imzalanması və mərkəzin yaxın zamanlarda fəaliyyətə başlamasının
əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Aşqabad Sammitindən irəli gələn
məsələlərin həlli, xüsusilə İƏT çərçivəsində iqtisadi, nəqliyyat
bağlılığı, eyni zamanda enerji sahəsində əməkdaşlığın vacibliyini
və bu məsələlərin Azərbaycan üçün də prioritet olduğunu nəzərə
alaraq, ölkəmizin sözügedən istiqamətlərdə əməkdaşlığa əhəmiyyət
verdiyini diqqətə çatdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri
Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi töhfəni qeyd edərək,
İƏT Katibliyinə Azərbaycan diplomatlarının ezam edilməsini yüksək
qiymətlədirildiyini ifadə edib. O eyni zamanda, enerji və iqtisadi
bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər
olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyinin
vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Teqlər: