Azərbaycan XİN Fransa və Kanadaya cavab verib.
AzerTimes-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Fransa və Kanada Xarici İşlər Nazirliklərinin erməni hərbçilərinin azad olunması çağırışı ilə bağlı sualını cavablandırarkən bildirib ki, Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni hərbçinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni hərbçilərin də azad olunmasına dair çağırış edilir.
Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi. Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.
Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.
Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq.