Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasına cavab verib

Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli
bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin
artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən
üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi
artırır və sülh quruculuğu səylərinə xələl gətirir.


Trend
-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin
(XİN) açıqlamasında qeyd olunub.

“Beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi
ilə bağlı, Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq istərdik
ki, bəşəriyyət hələ ki, beynəlxalq hüquqdan başqa daha yaxşı
beynəlxalq çəkindirmə vasitəsi düşünməyib. Ermənistan kimi bir
dövlət, bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər
tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər
Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq
çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz
beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən,
dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət,
dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə
riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar
edirik.

İki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara
başlamaq məsələsinə gəldikdə isə, xatırlatmaq istərdik ki, ilk
olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan
öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb
və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri də
səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti
ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi
nəzərdən keçirisə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir
daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna
hazırdır”, – bəyanatda qeyd olunub.

Teqlər: