Azərbaycan xalqı xoşbəxtdir ki, Müstəqilik Gününü tarixi Zəfərimiz fonunda qeyd edir (FOTO)

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May-
Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

28 May- Müstəqillik Günü ilə bağlı paytaxt və bölgələrdə, idarə
və müəssisələrdə silsilə tədbirlər keçirilir, müsəlman Şərqində ilk
parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin
dövlət quruculuğu təcrübəsindən, milli dövlətçilik tariximizdə
silinməz izlər qoyaraq xalqın qəlbində azadlıq və istiqlal
duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün
etibarlı zəmin hazırlamasından geniş bəhs olunur.

Mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə
keçirilən tədbir də bu silsilədən idi.

Tədbir iştirakçıları öncə YAP Xətai rayon təşkilatının
qərargahında 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc
tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin müasir müstəqil
Azərbaycanın dünənini, bugününü və gələcəyini özündə əks etdirən
rəsmlərinə baxıblar.

Tədbir rayon təşkilatının akt zalında Dövlət Himnimizin
səsləndirilməsindən və torpaqlarımızın azadlığı uğrunda canlarını
fəda edən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsindən sonra davam etdirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Rafiq Quluyev bildirib ki, bu gün xoşbəxtik ki, müstəqil ölkə kimi,
azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir:
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən
biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti məlum
səbəblərdən cəmi 23 ay yaşadı. Bu gün AXC-nin Azərbaycanın
dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət
rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini,
milli maraqlarımızı hər şeydən üstün tutan xalqımızın ümummilli
lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin
ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu
bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin
məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar
Respublikasında qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci
ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi
ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından da müstəsna
əhəmiyyət kəsb etdi. Azərbaycanın zəngin dövlətçilik tarixinin və
ənənələrinin olduğunu bir daha dünyaya bəyan etdi.”

Rafiq Quluyev vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi:
“Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə səriştəsiz,
idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün tutan antimilli ünsürlərin rəhbərliyi
Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə
xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran və torpaqlarımızın
işğalı xalqın sabaha ümidlərini itirmişdir. Belə çətin bir zamanda
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər
Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən
qurdu, adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdı. Əgər o
zaman Ümummilli Lider yenidən hakimiyyətə qayıtmasaydı bu gün
Azərbaycan adlı dövlətdən danışmaq sual doğurardı.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər
Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcək
müstəqilliyini düşünərək bu istiqamətdə atdığı addımlardan bəhs
edib. Bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah
əsəridir: “Dahi şəxsiyyət bütün həyatını Azərbaycanın
müstəqilliyinin qorunmasına, möhkəmləndirilməsinə, ölkəmizin işıqlı
gələcəyinə həsr etmişdir. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir” fikirləri dövlət siyasətinin ana xəttini
təşkil edir. Bu baxımdan müstəqillik tariximizin ayrı-ayrı
mərhələləri daim tarixi paralellər fonunda təhlil edilməli, indiki
və gələcək nəsillərə çatdırılmalıdır. Azərbaycan gəncliyi
müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, tariximizi
dərindən öyrənməlidir.”

Rafiq Quluyev Azərbaycanın müstəqillik tarixinin 2003-cü ildən
sonrakı mərhələsinə xüsusi diqqət yönəldərək 44 günlük Vətən
müharibəsində tarixi Zəfərimizi keçilən 104 illik yolda qazanılan
uğurların zirvəsi kimi dəyərləndirib: “Dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü,
qüdrəti sayəsində yazılan şanlı tarix xalqımızın yenilməzliyinin,
məğrurluğunun nümayişi oldu. Bu gün Müstəqillik Gününü ərazi
bütövlüyümüzün bərpası fonunda qeyd edirik. Bundan böyük xoşbəxtlik
ola bilərmi? Xalqımız, dünya azərbaycanlıları torpaq həsrətinə son
qoyulduğu üçün qürurludur. Bu gün işğaldan azad edilmiş
ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.”

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi
hadisə kimi dəyərləndirərək bildirib ki, biz haqlı olaraq
Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanın
yaradılmasının müəllifi olması ilə qürur duyuruq: “Azərbaycan Xalq
Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər
görə bilmişdir. Dövlət bayrağı təsis edilmiş, milli ordu
yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi
üçrəngli bayrağımız bu gün azad Qarabağda, azad Şuşada dalğalanır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla
qaldırması harada yaşamasından asılı olmayaraq hər bir
azərbaycanlını sevindirir, qürurumuzun, kimliyimizin özümüzə
qayıtmasını toy-büsatla qeyd edirik. Bu gün azad Şuşamız beynəlxalq
diplomatik mərkəzə çevrilib. Müxtəlif tədbirlərə ev sahibliyi
etməklə 28 il əsarətdə olsa da milli qürurumuzu qoruyub
saxlamasından keçirdiyi xoşbəxtlik hissini tarixi sahibləri və
buranı ziyarət edən qonaqlarla paylaşır.”

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyini
biri-birindən mühüm uğurlarımız, tarixi Zəfərimiz fonunda qeyd
edirik” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki,
AXC 23 aydan sonra süqut etdi: “Bu hadisə onu göstərdi ki, Ulu
Öndərin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə
etməkdən daha çətindir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci
ildə XI Qızıl Ordunun işğalı nəticəsində endirildi. Ondan sonra ilk
dəfə olaraq bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı
kimi qaldırmış və təsis etmişdir. Müstəqilliyə gedən yol bu tarixi
andan başlamışdır. Bu baxımdan ki, Ulu Öndər belə bir cəsarətli
addımı ilə hələ Sovetlər Birliyi dövrünün çətin anlarında öz
xalqına, dövlətinə, onun gələcəyinə nə qədər bağlı olduğunu, böyük
önəm verdiyini nümayiş etdirmişdir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, 1991-ci ildə Sovet İttifaqının
dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə
Azərbaycan da müstəqilliyinə qovuşdu: “XX əsrdə ikinci dəfə
müstəqillik qazanan Azərbaycan ilk illərdə yenə də onu itirmək
təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün
hakimiyyəti zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşdı. Məhz
o dövrdə ölkəmizdə xaos, anarxiya, böhran hökm sürür, iqtisadiyyat
iflic vəziyyətdə idi. Azərbaycan xalqı çıxış yolu axtarırdı.
Xalqımız nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışında gördü. 1993-cü ilin 15 iyun günü müasir tariximizdə
dönüş nöqtəsi oldu. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik
təmin edildi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və
rolu möhkəmləndi. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında
xidmətlərinin ümumiləşdirilmiş ifadəsi bugünkü reallıqlarımızdır.
Müstəqilliyimizin əbədiliyi, sarsılmazlığı təmin edildi, Azərbaycan
bir dövlət olaraq imzasını imzalar arasında görməklə gələcəyə doğru
inamla irəliləyir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə “Mən ona
özüm qədər inanıram” söyləyərək xalqımıza qarşıdakı dövrdə
müstəqilliyimizin möhkəmləndirilməsinin, ərazi bütövlüyümüzün təmin
olunmasının, ən əsası Azərbaycanın qalib ölkə kimi tanıdılmasının
ünvanını göstərdi. Prezident İlham Əliyevin son 18 ildən artıq
dövrdə Azərbaycanın gələcəyi üçün gördüyü işlər göz önündədir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradımasından ötən 104 ilin
zirvəsindən geri baxanda ərazi bütövlüyü təmin olunan, müstəqilliyi
daimi və dönməz olan Azərbaycanı görməkdən qürur hissi
keçiririk.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı
İlham Əliyev müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin tarixi
paralellər fonunda təhlilini daim qarşıya mühüm vəzifə kimi qoyur:
“Ölkə Prezidentinin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çoxəsrlik
tariximizin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında
əhəmiyyətli rol oynadı. Bir sözlə, 2003-cü ildən sonrakı dövrdə
Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin
edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən
güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi,
ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən
qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda
sayılan, nüfuzlu dövlətə çevrilməsi bugünümüzün
reallıqlarıdır.”

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, bu il
Azərbaycan öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd
edir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə
əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən
müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər
paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə
iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığınin və
müttəfiqliyinin bir daha dünyaya təqdimatıdır. Bu dostluq,
qardaşlıq bütün sahələrdə özünü nümayiş etdirir, dünyaya nümunə
kimi göstərilir.

YAP Xətai rayon təşkilatının sədri bir daha xalqımızı 28 May
–Müstəqillik Günü münaibətilə təbrik edərək bildirib ki, bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil
Azərbaycan inkişaf yolunda iri addımlarla irəliləyir: “Hazırda
Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm
ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Bu inkişafın
və sabitliyin əsasında uğurla reallaşdırılan daxili və xarici
siyasət dayanır. İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə
təqdir edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq
işlərinin miqyasının genişliyi tezliklə Böyük Qayıdışdan xəbər
verir. Azad Qarabağımız, azad Şuşamız dirçəlir, əvvəlki şöhrətini
qaytarır. Xalqımız torpaqlarına qovuşduğu üçün başı uca, alnı
açıqdır.”

Tədbir 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin
ifasında müstəqilliyimizə həsr olunan şeirlərin səsləndirilməsi,
mahnıların ifası və rəqslərlə davam edib.

Azərbaycanın müstəqillik tarixini özündə əks etdirən videoçarx
nümayiş olunub.

Tədbir şagirdlərin ifasında “Mən fəxr edirəm ki,
azərbaycanlıyam” mahnısısı ilə başa çatıb və xatirə şəkli
şəkdirilib.

Teqlər: