Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacaq.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi haqda danışarkən deyib.
O qeyd edib ki, bu il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilməsinin 30 ili tamam olacaq.
Ə.Hüseynli bildirib ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şəraitdə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşılayacaq. O bildirib ki, Prezidentin imzası ilə parlamentə daxil olan qanun layihəsi torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə mühüm siyasi və tarixi əhəmiyyət daşıyır.
Ə.Hüseynli vurğulayıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub.
Qeyd edək ki, layihəyə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.